Gədəbəy rayonu Kiçik Qafqazın orta və yüksək dağlıq zonasında yerləşir. Rayondakı ən uca zirvələr - Qoşabulaq (3549 m) və Qocadağ (3317 m) dağlarıdır. Uca dağlarda tundraya xas iqlim, dağların ətrafında isə quru yay iqlimi müşahidə olunur. Burada iyul ayında havanın temperaturu +10 C-dən +20 C-dək, yanvar ayında isə -2 C-dən - 10 C-dək dəyişir. Rayonda ərazisində məşhur «Qızılça» yasaqlığı və 4 təbii abidə - Qovdu, Gödəkdərə, Qamış və Şamlıq meşə massivləri var. Keçidərəsi yarğanında gözəl bir şəlalə, Keçi- keçi, Cərcə, Cüyür və Ayıbulaqları, eləcə də Çaldaş, Qızılca Narzan, Mor-mor mineral su bulaqları var. Rayonun dağlarında, meşə və dərələrində heyvanat və bitki aləmi çox zəngindir. Şəmkir çayında balıq tutmaq üçün yaxşı şərait var. Qalakənd kəndinin yaxınlığında balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Gədəbəy rayonu ərazisindəki abidələr Azərbaycan tarixinə Gədəbəy - Xocalı mədəniyyəti adı ilə daxil olmuş mədəniyyətin tərkib hissələridir. Burada tunc dövrünün sonuna aid siklopik tikililər, Böyükqala qalası, Qalakənd qalası (XVI əsr), Qız qalası (Onu Namərd-qala da adlandırırlar, IX əsr), XIX əsrdə tikilmiş tağlı körpü var. «Gədəbəy dəfinələri» adı ilə məşhur olan, içərisində müxtəlif qiymətli əşyalar, gümüş sikkələr, ev müxəlləfatı, boyunbağılar və bəzək əşyaları olan qədim küplər tapılmışdır. Şah Təşmasibin hakimiyyətdə olduğu dövrdə (1524-1576-cı illər) zərb edilmiş sikkələr Gəncədə, Təbrizdə, Şirvanda və Ərdəbildə dövriyyədə olurdu. XIX əsrin ortalarında Almaniyanın «Siemens» firması Gədəbəydə iki misəridmə zavodu tikmişdir. Çar Rusiyasında əridilən misin dörddə bir hissəsi bu zavodun payına düşürdü. Siemens qardaşları bu regionda aparılmış arxeoloci qazıntıların nəticələri əsasında «Qalakənd» adlı elmi əsər yazmışdılar. Rayonda xalq sənətlərində əl ilə tikmə, xalçaçılıq, ağac və metal üzərində oyma peşələri qorunub saxlanmışdır. Romantik səyahətləri xoşlayanlar üçün piyada marşrutlar var: Gədəbəy - Qızılqala meşəsi-Namərdqala (13 km), Gədəbəy - Söyüdlü kəndi (5 km), Gədəbəy- Maarif kəndi -Slavyanka kəndi (10 km). Rayonun inzibati mərkəzi, Gərgər və Saratovka kəndləri GSM zonasına daxildir. Harada qalmaq olar Rayonda mehmanxana fəaliyyət göstərir. Ödəniş haqqı bir nəfər üçün 10.000 manatdar. Yerli bələdiyyələr vasitəsilə şəxsi evləri kirayələmək mümkündür. Harada nahar etmək olar Ən yaxşı xidmətlə tanınan «Laçın» kafesi Tel. 5 43 43, «Təbriz» Tel. 5 35 29, «Fərhad» restoranlarıdır.