Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda “Ağdamsız 26 il” adlı tədbir keçirildi

23.07.2019

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayonunda Ağdam rayonunun işğalının 26 illiyinə həsr olunmuş tədbir keçirdi. Tədbir iştirakçıları öncə Qazax rayonunun mərkəzində ucaldılmış “Şəhidlər” abidə kompleksini ziyarət etdilər, abidə önünə gül dəstələri qoydular 
Qazax rayon Mədəniyyət Mərkəzində davam edən tədbirdə öncə vətən uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi, “Ağdamsız 26 il” adlı videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə açıq elan edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov qeyd etdi ki, bu gün Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir. 1993-cü il iyulun 23-də 43 gün düşmənə sinə gərmiş Ağdam şəhəri süqut etdi. Yağı düşmən evlərə od vurur, mədəniyyət abidələrini dağıdır, insanların əmlaklarını qarət edir, şəhəri tərk edə bilməyən dinc əhaliyə amansız divan tuturdu. Ağdam rayonunun 1094 kv. km-lik ərazisi Ermənistan tərəfindən işğal edildi. BMT Təhlükəsizlik Şurası 1993-cü il iyulun 29-da Ağdamın işğalını pisləyən və işğalçı ordunun işğal etdiyi əraziləri qeyd-şərtsiz olaraq tərk etməsini tələb edən qətnamə qəbul etdi. Lakin beynəlxalq birliyin təcavüzkara qarşı sərt tədbirlər görməməsi səbəbindən həmin qətnamə bu günə qədər yerinə yetirilməmişdir.
V.Qədirov onu da qeyd etdi ki, Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Onlardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır. Bu gün məcburi köçkün həyatı yaşayan ağdamlıların ən byük arzusu tеzliklə doğma yurda qayıtmaqdır. 2016-cı ildə şanlı ordumuzun mənfur düşmənlər üzərindəki aprel zəfəri bu arzunun çox tezliklə reallaşacağının bariz nümunəsidir. Hər bir azərbaycanlı əmindir ki, Azərbaycan Prezidenti Möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə qüdrətlənən ölkəmizin üçrəngli bayrağı Azərbaycan ərazisinin hər yerində dalğalanacaq - işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək.
Tədbirdə həmçinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Dövlətqaçqınkomun Qazax rayonu üzrə nümayəndəsi Elxan Paşayev, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən “Cümhuriyyətin 100 illiyi” yubiley medalı ilə təltif olunan Qazax rayon Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva, Ağdam rayonundan məcburi köçkünlər - Saleh Eyvazov və Vüqar Babayev, Göyçə niskilli şairə Tamella Poladlı, şairə Gülsənəm Cəlilova və başqaları çıxış etdilər.
Tədbir məcburi köçkünlərin məskunlaşdığı Qazaxbəyli kənd orta məktəb şagirdlərinin vətənpərvərlik mövzusunda səsləndirdikləri şeirlərlə başa çatdı.