Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Heydər Əliyev Mərkəzində 15 iyun-Milli Qurtuluş günü münasibətilə möhtəşəm bayram tədbiri keçirdi

13.06.2019

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Heydər Əliyev Mərkəzində 15 iyun-Milli Qurtuluş günü münasibətilə möhtəşəm bayram tədbiri keçirdi.
Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən rəsm və kitab sərgisinə baxdılar.
Sonra Mərkəzin konfrans zalında elmi-praktik konfrans keçirildi. 
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.
Heydər Əliyevə həsr olunmuş “Qurtuluşdan İntibaha” filminin nümayişi oldu. 
Konfransı giriş sözü ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov açaraq Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqına göstərdiyi misilsiz xidmətlərdən söz açdı.
Natiq Heydər Əliyevin Azərbaycan Xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtması ilə Dövlətimizin ikinci dəfə müstəqilliyini itirmək təhlükəsindən xilas olduğunu bildirdi.
O, qeyd etdi ki, müstəqil dövlət quruculuğu kimi mürəkkəb bir vəzifənin öhdəsindən gəlmək qabiliyyəti olmayan o vaxtkı iqtidar milli mənafelərə zidd siyasətləri ilə özlərini gözdən salmışdılar. Respublikada mövcud vəziyyət son dərəcə gərginləşmişdi. Çıxılmaz vəziyyətə düşən o vaxtkı hakimiyyət ümidlərini yalnız Heydər Əliyevin zəkasına, Heydər Əliyev dühasına, və şəxsiyyətinə bağladılar. 1993-cü il iyunun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev xalqın xahiş və təkidi ilə Bakıya gəldi. Azərbaycana olan sonsuz məhəbbəti onu belə bir addım atmağa vadar etdi. Xalq bilirdi ki, vətənimizi bu bəladan çıxarmağa qadir olan bir şəxsiyyət varsa, o da Heydər Əliyevdir. Qayıdışı ilə milyonların qəlbini sevinc nuru ilə rövnəqləndirən Heydər Əliyev iyunun 15-də əksər səs çoxluğu ilə Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Məhz həmin gün Azərbaycan dövlətçilik tarixinin ən parlaq səhifəsi yazıldı. Vətəndaş müharibəsi ilə üz-üzə qalan dövlətimizin tarixinə o gün Milli Qurtuluş günü kimi daxil oldu. Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqı üçün sülh və əminamanlıq qarantına çevrildi.
Vüqar Qədirov çıxışında Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan, ordu quruculuğundan, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan, gənclərə dövlət dəstəyinin ən yüksək səviyyədə təmin olunmasından, xarici siyasətdə qazanılan uğurlardan və s. danışaraq bu günkü müasir, güclü Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu bildirdi.
Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin ən layiqli davamçısı Prezident cənab İlham Əliyevinin apardığı uğurlu daxili, xarici və vətənpərvər siyasətindən söz açan idarənin rəisi bildirdi ki, istər işğal olunmuş rayonlarımızın azad olunmasında, istər Xalqımızın taleyüklü məsələlərində Prezidentimizin prinsipial mövqe nümayiş etdirməsi, Azərbaycanı bir sabitlik adasına çevirməsi Xalqımız tərəfindən daim dəstəklənir və müdafiə olunur.
Tədbirdə o cümlədən, Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova və Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova çıxış edərək Heydər Əliyev irsinin, Azərbaycançılıq ideologiyasının təbliğində mərkəzlərin gördükləri işlərdən söz açdılar.
Tədbir Ağstafa rayon mədəniyyət müəssisələrinin hazırladığı möhtəşəm konsert proqramı ilə davam etdi.