Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyətlərin qovuşduğu “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Tərtərdə

18.04.2019

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Tərtər rayonu oldu.

Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Heydər Əliyev Parkında baş tutub.

Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, eyni zamanda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov və yüzlərlə tərtərlilər də iştirak edib.

Tədbirin zəngin proqramını yadda qalan edən anlardan biri isə el havasının sədaları altında meydana Qarabağ atlarının gəlişi olub. Qarabağ atları Heydər Əliyev Parkının ətrafında bir neçə dəfə dövrə vurublar.

Festivalın sərgi hissəsi çərçivəsində Qarabağ və Qazax xalçaları da sərgilənib. Daha sonra meydanda hərbçilər xüsusi göstərilər də nümayiş etdiriblər.

Daha sonra mədəniyyət işçilərinin təqdimatında “Azərbycan mədəniyyətinin inkişaf tarixi” mövzusunda ədəbi-bədii kompazisiya da nümayiş etdirilib. Kompazisiyada oğuz elinin ağsaqqalı, ozanların atası olan Dədə Qorqud obrazının gəlişi ilə Azərbaycan mədəniyyətinin qədim dövrlərdən ta indiki zamanımıza kimi inkişaf mərhələsini əks etdirən epizodlar əyani şəkildə qonaqlara göstərilib. “Azərbycan mədəniyyətinin inkişaf tarixi” mövzusunda ədəbi-bədii kompazisiya video rolikdə davam etdirilib.

Əlavə olaraq qeyd edək ki, festivalda 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də təşkil olunub . Kitab guşəsində ədibin əsərlərindən əlavə olaraq ölkə prezidenti cənab İlham Əliyevin sərəncamlarına uyğun olaraq cari il ərzində ilin yubleylərinin keçirilməsi nəzərdə tutulan şair və yazıçıların da kitabları sərgilənib.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında sərgi çadırları qurularaq İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər nümunələr maraqla qarşılanıb.

Daha sonra dekorativ sənət nümunələrində müxtəlif məzmunlu, əsasən tarixi mövzuda və peyzaj janrlarında yerli rəssamlar tərəfindən çəkilmiş rəsm əsərləri, yerli sənətkarların əl işləri olan heykəl nümunələri, filoqrafiya əsərləri də (mismar və iplərdən istifadə olunmaqla yaradılan dekorativ incəsənət əsərləri) sərgilənib.

Sərgidə oymaçı rəssam Sərvər Abdullayevin Azərbaycanın müasir memarlıq simvolu olan Heydər Əliyev Mərkəzi, tarixi məkanlardan olan Ağdam “Çay evi” və Ağdam məscidi, Hökümət evi kimi respublikamızın tanınmış tikililərini kibrit dənələrindən hazırlamaqla ziyarətçilərin diqqətini çəkib.

Daha sonra regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərləri də nümayiş ediblər.

Yaradıcılıq Festivalında hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki keçirilən, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı atəşfəşanlıqla yekunlaşıb.