Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

14 mart 2019-cu il tarixində Ağstafa rayon mədəniyyət işçiləri Novruz bayramını qeyd etdi

14.03.2019

 Bu gün Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sizteminin təşkilatçılığı ilə   Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirdi.

Tədbiri giriş sözü ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov açaraq Novruz bayramının xalqımızın mədəniyyətini, mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran milli bayram olduğunu bildirdi. Qədim tarixə malik Novruz bayramının əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirası olduğunu qeyd etdi. Natiq bildirdi ki, tarixən milli düşüncə tərzinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Bu bayram sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir.
V.Qədirov onu da qeyd etdi ki,  2019-cu ilin Azərbaycanın  tarixində  xüsusi uğurlu  bir  il  kimi  qalacağını indidən demək mümkündür. Yeni ilin cəmi bir neçə ayını geridə qoysaq da, Respublikamızın Prezidenti Möhtərəm Cənab İlham Əliyev tərəfindən  imzalanmış  fərman və sərəncamlar, qəbul edilmiş müvafiq qərarlar, həyata keçirilən tədbirlər bütün sahələrlə bərabər mədəniyyətimizin inkişafına da öz müsbət təsirini göstərməkdədir. Natiq   Ölkə Prezidentinin mədəniyyət işçilərinə göstərdiyi diqqət və qayğının, əmək haqqlarının, sosial müavinətlərin, tələbələrin təqaüdlərinin artırılmasının, eyni zamanda vergi və bank borclarının silinməsi ilə bağlı imzaladığı sərəncamların bunu deməyə əsas verdiyini bildirdi.
V.Qədirov Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə sovet hakimiyyətinin qadağalarına  baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşdığını, milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verdiyini, ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Novruz bayramının Dövlət səviyyəsində qeyd edildiyini, Ulu Öndər Heydər Əliyevin  ən layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini,  hər il bayram şənliklərinə qatılaraq , Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, Prezidentimizin milli bayramımıza verdiyi xüsusi önəmdən irəli gəldiyini bildirdi.
Tədbirdə xalq artisti Taryel Qasımov, Ağstafa rayon MKS- nin direktoru S. Nağıyeva    və başqaları çıxış edərək Novruz bayramının öz ətri, qoxusu ilə yenilik, təmizlik, milli birlik, tükənməz ümid və sabaha inam bayramı olduğunu bildirdilər.
Tədbirdə ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri nümayiş olunmuş, həmçinin Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni və müxtəlif  şirniyyat nümunələri süfrələri bəzəmişdir.
Ağstafa aşıqlarının  və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan  saz havaları və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaratdı.
Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatdı.
Rayonun ümumtəhsil müəssisələrinin müəllim-şagird kollektivlərinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgi izləyicilərdə dərin təəssüratlar yaratdı. Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşğu ilə qarşılandı.