01.06.2026
Şəmkir şəhərində yerləşən tarixi Alman Lüteran Kilsəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə möhtəşəm tədbir təşkil olunub. Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının Teatr şöbəsi tərəfindən rəngarəng ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Tədbirdə şəhid və qazi övladları, Şəmkir Uşaq Reabilitasiya Mərkəzinin uşaqları və kollektivi, həmçinin Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin şagird və müəllim heyəti iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının Teatr şöbəsinin müdiri, Əməkdar müəllim, kulturologiya üzrə fəlsəfə doktoru Hicran Sadıqzadə əlamətdar günün tarixi əhəmiyyətindən bəhs edib. Hicran xanım öz çıxışında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününün 1950-ci ildə BMT tərəfindən təsis olunduğunu vurğuladı. Eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu bayrama xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğuladı. Azərbaycanda əksər hallarda məktəbəqədər və ümumtəhsil məktəblərinin açılışlarının məhz həmin günə salındığını bir daha qeyd etdi.
Tədbirin bədii hissəsində İncəsənət Gimnaziyasının Teatr şöbəsinin istedadlı kollektivi tərəfindən hazırlanan maraqlı rəqs nömrələri, musiqili ifaları və teatr səhnəcikləri nümayiş olunub. Uşaqların böyük maraq və coşqu ilə qarşıladığı çıxışlar tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb.