Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

21.05.2026

Mayın 21-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Qazaxdan ucalan poeziya günəşi” başlıqlı tədbir keçirilib.

Tədbirdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini icra edən Səbuhi Xasməmmədov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax zona filialının sədri Barat Vüsal, şəhid ailələri, mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları iştirak ediblər.

Qazax Rayon Mədəniyyət Mərkəzində Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuş kitab və rəsmlərdən ibarət sərgi və film nümayiş etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şairə Gülsənəm Cəlili çıxış edərək Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzaladığını diqqətə çatdırıb və bunun şairin ədəbi irsinə, ümumilikdə ədəbiyyatımıza göstərilən diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb.

AYB-nin Qazax zona filialının sədri Barat Vüsal çıxış edərək poeziyamızın görkəmli nümayəndəsi kimi Səməd Vurğun irsinin Azərbaycan ədəbiyyatına dəyərli töhfə olduğunu bildirib.

Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, Səməd Vurğunun yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq və təkrarsız səhifələrindən birini təşkil edir. Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən biri olan Səməd Vurğunun görkəmli ictimai-siyasi xadim kimi xidmətləri böyükdür.

Şairlər- Cavanşir Rüstəm və Kazım Kazımlı Səməd Vurğuna həsr olunmuş şeirlər söyləyiblər.

Qazax Dövlət Dram Teatrının aktyorları - Hacı Hacıyev və Məlahət Vəliyevanın ifasında şairin “Şair nə tez qocaldın sən” şeiri əsasında kompozisiya, Hüseynbəyli kənd kitabxana filialının müdiri Gülşən Hadıyevanın ifasında “Ananın öyüdü” kompozisiyası nümayiş etdirilib.

Tədbir maraqlı konsert proqramı ilə davam etdirilib.