Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar tədbir keçirilib

14.04.2026

Qazaxda Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar tədbir keçirilib

Aprelin 14-də Qazax rayon Mədəniyyət Mərkəzində 15 aprel – Beynəlxalq Mədəniyyət Günü münasibətilə “Mədəniyyət işığında bir gün” adlı tədbir təşkil edilib.

Tədbirdə rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları və uzun illər bu sahədə çalışan, hazırda təqaüddə olan mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Gülsənəm Cəlilova bu gün münasibətilə bütün mədəniyyət işçilərini təbrik edib, yaradıcılıq fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov, Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva çıxışlarında qeyd ediblər ki, mədəniyyət bir millətin yaddaşıdır. Bu yaddaş əsrlər boyu nəsildən nəslə ötürülərək bu günümüzə qədər gəlib çatıb. Hər bir xalqın böyüklüyü onun mədəniyyətində, incəsənətində, ədəbiyyatında və milli dəyərlərində əks olunur. Bu gün mədəniyyət sahəsində çalışan insanlar bu dəyərləri qoruyub yaşadanlardır. Onların əməyi sayəsində milli irsimiz unudulmur, əksinə daha da zənginləşir və gələcək nəsillərə ötürülür.

Tədbirdə şairə Tamella Poladlı, Qaymaqlı kənd Folklor Evinin müdiri Kazım Kazımov müəllifi olduğu şeirləri səsləndiriblər.

Daha sonra tədbir Mədəniyyət Mərkəzinin “Göyəzən” instrumental ansamblının, “Buta” rəqs qrupunun üzvlərinin, musiqiçilər Afiq Cəfərovun, Emil Tovuzlunun, Vüqar Mehdiyevin, aşıq Samir Cəlaloğlunun ifasında rəngarəng musiqi nömrələri ilə davam etdirilib.

Tədbir Zəhra Abdullazadənin ifasında “Azərbaycan“ mahnısı ilə yekunlaşıb.

#QazaxTovuzRMİ #Qazax #mədəniyyət #15aprel #BeynəlxalqMədəniyyətGünü