17.03.2026
Şəmkirdə Novruz bayramı təntənəsi
Martın 17-də Şəmkir Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Şəmkir Bayraq Meydanında möhtəşəm Novruz şənliyi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə milli kimliyimizi və çoxəsrlik mədəniyyətimizi təcəssüm etdirən, rəngarəng şirniyyat nümunələri və qədim adət-ənənələrdən ibarət geniş sərgi ilə yaxından tanış olublar.
Tədbir Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bütün rayon sakinlərini xalqımızın ən əziz bayramı olan Novruz münasibətilə təbrik edib, bu qədim bayramın sülh, mehribanlıq və ruzi-bərəkət gətirdiyini, dövlətimizin milli adət-ənənələrin qorunmasına hər zaman xüsusi diqqət yetirdiyini bildirib.
Ümumrayon tədbiri Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri əməkdaşlarının Novruza həsr etdikləri geniş bayram konserti ilə davam etdirilib.