Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda “Yenilik və ümid bayramı Novruz” adlı ümumrayon tədbiri keçirilib

18.03.2026

Qazaxda “Yenilik və ümid bayramı Novruz” adlı ümumrayon tədbiri keçirilib

Martın 18-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Yenilik və ümid bayramı Novruz” adlı ümumrayon tədbiri keçirilib.

Mədəniyyət Mərkəzinin qarşısındakı geniş meydanda keçirilən bayram tədbirində Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların əməkdaşları, Dövlət Sərhəd Xidmətinin “Qazax” Əlahiddə Sərhəd Diviziyasının hərbçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, səhiyyə, mədəniyyət işçiləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin əməkdaşları və idmançıları, media nümayəndələri iştirak ediblər.

Kosa, Keçəl, Bahar qızın və zurnaçıların rayon rəhbərliyini və qonaqları Xalq şairi Səməd Vurğunun heykəlinin önündə qarşılaması, səmimi təbriklərini çatdırması və yumurta döyüşdürməsi ilə bayram tədbirinə start verilib.

Qonaqlar əvvəlcə Mədəniyyət Mərkəzinin qarşısında idman nümunələrinə (boks, karate, şahmat), Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi kitab, Qazax Dövlət Rəsm Qalereyasının təşkil etdiyi rəsm və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkil etdiyi milli nümunələrdən ibarət sərgiyə baxış keçirərək obaya tərəf gəliblər.

Obada davul çalınıb, “Cəngi” havası altında rayon rəhbərliyi və qonaqlar obaya daxil olublar. Rəhbər heyəti və qonaqları obada Qazan xan qarşılayıb, öz bayram təbriklərini çatdırıb və obada olan çadırlarla tanış ediblər.

Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktrisası Zəmanə Dərviş çıxış edərək rayon rəhbərliyini, şəhid ailələrini, qaziləri salamlayıb, səmimi ürək sözlərini bölüşüb.

Çıxışlardan sonra bayram tonqalı şəhid övladları və müdriklik rəmzi olan Dədə Qorqud obrazı ilə birlikdə yandırılıb. Gənclər ocağın ətrafında “Yallı” rəqsini oynayıb, oba əhlini tonqalın ətrafına toplayıblar.

Tədbirdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri əməkdaşlarının Novruza həsr etdikləri bir-birindən rəngarəng çıxışlara yer verilib. Gənc və istedadlı müğənnilər Zəmanə Dərvişin, Nəsimi Kamaloğlunun, Ramal Balacanovun, Gültəkin Hüseynovanın, Seymur Məmmədovun, aşıq Avdı Musayevin, gənc aşıq Samir Cəlaloğlunun bir-birindən şən-şux mahnı töhfələri alqışlarla qarşılanıb. Tədbir əsl bayram əhval-ruhiyyəsi ilə başa çatıb.