16.12.2025
16.12.2025- ci il tarixdə Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi münasibəti ilə Əhməd Cavad adına Mədəniyyət Mərkəzində “Şamaxıdan doğan günəş” adlı tədbir keçirib. Kitabxananın əməkdaşı Nərgiz Rzayeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, hələ gənc yaşlarında təhsil almaq həvəsi Seyid Əzimi İraqa – Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparıb. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra orada yeni üsul üzrə məktəb açaraq ömrünün sonuna qədər burada müəllimlik edib. O, köhnə mollaxanadan fərqli olaraq, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi.Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr və yazdığı nəzirələr də vardır. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir.
Digər çıxış edənlər də öz nitqlərində bildiriblər ki,Seyid Əzim sadəcə bir şair deyil, həm də millətin düşüncəsini dəyişməyə, cəmiyyətin irəliləməsinə çalışan bir ziyalı idi. Onun maarifçilik ideyaları, xalqın mənəvi yüksəlişinə xidmət edən əsərləri bu gün də yeni nəsillərə yol göstərən mənəvi mayak kimi dəyərlidir.
Daha sonra şairin şeirləri səsləndirilib, həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.Tədbir musiqili proqramla davam edib.Həmçinin şairin yaradıcılığına həsr olunmuş kitab sərgisi tərtib olunub.