05.12.2025
5 dekabr 2025-ci il tarixində Beynəlxalq Könüllülər Günü ilə bağlı Gədəbəy rayon Heydər Əliyev Mərkəzində "Könüllü Qəhrəmanlarmız" adlı tədbir keçirilib.
Tədbirdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin, Gədəbəy rayon üzrə Gənclər və İdman sektorunun, Gədəbəy Peşə liseyinin şagirdləri də iştirak ediblər.
Tədbirdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Aybəniz Əsgərova, Gədəbəy rayon Gənclər və İdman sektorunun müdiri Röyal İsmayılov öz çıxışlarında bildiriblər ki, müasir müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Belə ki, dahi öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib. Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var.