05.11.2025
Tovuzda “Zəfər sənin, Xarı bülbül” adlı tədbir keçirilib
5 noyabr 2025-ci il tarixində Tovuz rayon Abulbəyli kənd folklor evində mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nün 5-ci ildönümü və “9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”nə həsr olunmuş “Zəfər sənin, Xarı bülbül” adlı tədbir təşkil olunub.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və əzmdən bəhs edərək, ölkəmizin bütövlüyü uğrunda əldə olunan Zəfərin xalqımız üçün əhəmiyyətini vurğulayıblar. Natiqlər, həmçinin, müstəqil və qalib Azərbaycanın vətəndaşı olmaqdan duyduqları qürur hissini xüsusi olaraq qeyd ediblər.
Daha sonra yazıçı Zəminə Xınalının “Təki Vətən Yaşasın” adlı pyesi əsasında hazırlanmış ədəbi-bədii kompozisiya Elşad Orucov adına Bayramlı kənd tam orta məktəbinin şagirdlərinin ifasında tamaşaçılara təqdim olunub.
Tədbirin sonunda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Tovuz rayon Komitəsi tərəfindən bir qrup iştirakçı fəxri fərmanlarla təltif edilib.