19.09.2025
19 sentyabr 2025-ci il tarixində Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi kitabxanası Dövlət Suverenliyi Günü ilə əlaqədar olaraq “Milli Suverenliyimizin bərpası” adlı tədbir keçirib. Tədbirdə Bakı Dövlət Universitetinin Qazax filialının bir qrup tələbələri iştirak edib. Şəhidlərmizin ruhu dərin ehtiramla bir dəqiqəlik sükutla anılıb. Oxuculara xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova bildirib ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən tarixi bir hadisədir.
Mövzu ətrafında çıxış edənlər qeyd ediblər ki, Konstitusiya və suverenlik Azərbaycan dövlətinin dayaqlarıdır və dəyərlərin qorunması ölkənin gələcək inkişafı üçün mühüm rol oynayır. Hər bir vətəndaş konstitusiyanı öyrənməli, onun prinsiplərinə hörmət etməli və dövlətin suverenliyini qorumaq üçün çalışmalıdır. “Konstitusiya və Suverenlik İli” bu dəyərlərin daha da möhkəmlənməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcəkdir.
Sonda “Konstitusiya və Suverenlik İli” və “Qayıdan torpaqlar... qayıtmayan oğullar” adlı sərgilərə baxış keçirilib.