Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda ”Musiqi yaşadıqca həyat yaşayır” adlı tədbir keçirilib

17.09.2025

17 sentyabr 2025-ci il tarixində Qazax şəhər 1 və 2 nömrəli Uşaq Musiqi Məktəbləri 18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar "Musiqi yaşadıqca həyat yaşayır" adlı tədbir keçirib.

Tədbirdə çıxışçılar böyük Azərbaycan bəstəkarı və ictimai xadimi Üzeyir Hacıbəyovun həyat və yaradıcılığını, musiqi sahəsindəki misilsiz xidmətlərini və Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələri xüsusi vurğuladılar. Onlar bəstəkarın milli musiqi mədəniyyətinin inkişafında oynadığı həlledici rolundan bəhs edərək, Hacıbəyovun əsərlərinin yalnız Azərbaycan musiqisinin deyil, dünya musiqi incəsənətinin zənginləşməsindəki əhəmiyyətini qeyd etdilər. Həmçinin Üzeyir Hacıbəyovun ilk operası olan "Leyli və Məcnun"un, Azərbaycan musiqisinin təməlini qoyan böyük bir addım olduğunu vurğuladılar.

Tədbir zamanı, hər iki məktəbin müəllim və şagirdləri, Üzeyir Hacıbəyovun məşhur əsərlərindən bəstələnmiş müxtəlif kompozisiyaları ifa edərək tədbirə xüsusi gözəllik qatdılar. Bəstəkarın "Arşın Mal Alan" operettasından və digər məşhur əsərlərindən parçalar təqdim olundu.

Tədbir, həm də Üzeyir Hacıbəyovun musiqisinin zamanla necə yaşadığını, hər nəsil tərəfindən necə sevildiyini və milli kimliyimizin bir parçası olaraq necə qorunub saxlandığını bir daha nümayiş etdirdi. Bəstəkarın həyat və yaradıcılığı, yalnız musiqi sahəsində deyil, həm də Azərbaycan xalqının qəlbində hər zaman öz əksini tapır.

#QazaxTovuzRMİ #Qazax #MilliMusiqiGünü #ÜzeyirHacıbəyli #18Sentyabr