Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət naziri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib

29.08.2025

Mədəniyyət naziri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq təşkil edilən qəbullarda sakinlərin müraciət və təklifləri yerində dinlənilir, müvafiq tədbirlər görülür.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu avqustun 29-da Şəmkir şəhərində olub.

Əvvəlcə nazir Adil Kərimli və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Ümummilli lider Heydər Əliyevin şəhərdəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Şəmkir rayon Heydər Əliyev Mərkəzində keçirilən və nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar.

Sakinlərin müraciətləri, əsasən, məşğulluq, müəssisələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, iş yerinin dəyişdirilməsi, əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub.

Nazir vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını diqqətə çatdırıb. Şəhid ailələrinin üzvləri və qazilərin müraciətlərinə xüsusi yanaşılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

#Azərbaycan #MədəniyyətNazirliyi #qəbul