13.06.2025
13.06.2025–ci il tarixində Ağstafa rayon Mərkəziləşdirilmiş Kitabxana Sisteminin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Yuxarı Göycəli kənd kitabxana filialında 15 İyun-Milli Qurtuluş günü münasibəti ilə “Milli Qurtuluş-Xalqımızın uğur və zəfər tarixi” başlıqlı tədbir keçirilib. Tədbirdə mədəniyyət və kitabxana filialının əməkdaşları, Yuxarı Göycəli Kənd orta məktəbinin şagird və müəllim kollektivi iştirak etdi. Tədbiri giriş sözü ilə açan Tatlı kənd kitabxana filialının müdiri Gülnarə Əliyeva qeyd etdi, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Tədbirdə Mərkəzi Kitabxananın direktoru Solmaz Nağıyeva, Mədəniyyət Mərkəzinin direktoru Xuraman Əzizova, Oxuculara xidmət şöbəsinin müdiri Nənəxanım Əzizova, Həsənsu kənd folklor klubunun müdiri, şair Rüfət Axundlu öz çıxışlarında qeyd etdilər ki, Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ulu Öndərin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Qalib xalq, müzəffər ordu və müdrik Ali Baş Komandan birliyi ilə hələ qarşıda neçə-neçə tarixi zəfərlər, qələbələr bizi gözləyir.
Tədbirdə iştirak edən Yuxarı Göycəli kənd orta məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söylədilər və aşıq İradənin ifasında saz havası dinlənildi . Sonda “15 İyun-Qurtuluş səhifəmiz” başlıqlı kitab sərgisinə baxış keçirildi.