21.11.2024
Şəmkir rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin tələbələrinin əl işlərindən ibarət illik hesabat sərgisi keçirilib. Tədbir 21 noyabr 2024-cü il tarixində Şəmkir rayon Gənclər evində baş tutub. "Sənətin izi ilə" adlı rəsm sərgisində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis müavini Səbuhi Xasməmmədov, Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Şəmkir rayon Komitəsinin sədri, rəssam Fərman Hüseynov və digər qonaqlar iştirak edib. Sərginin açılışı muğam kompozisiyası ilə başlayıb. Daha sonra dərnək rəhbəri Vasif İbrahimli çıxış edərək iştirakçılara sərgi haqqında ətraflı məlumat verib. Eyni zamanda rəssam Fərman Hüseynov da çıxış edərək “Sənətin izi ilə” adlı rəsm sərgisinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycanı bu gün dünyada tanıdan sənətlərdən biri də rəssamlıq sənəti və gözəl əsərlər çəkən rəssamlarımızdır. Bütün dünyada rəssamlarımızın əl işləri nümayiş olunur, sərgiləri təşkil edilir. Bunun üçün ölkə başçısı tərəfindən rəssamlara hər cür dəstək göstərilir və yüksək şərait yaradılıb.
Rəsm əsərlərinə baxış keçirildikdən sonra tədbirdə musiqi nömrələri və nağara şou nümayiş olunub, sonda isə iştirakçılar təşəkkürnamə ilə təltif ediliblər.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.