08.11.2024
Qazax rayon Mədəniyyət Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirildi
08 – Noyabr 2024-cü ildə Qazax rayon Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Günü münasibəti ilə Qazax Rayon İcra Hakimiyyəti və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Sən qalibsən, Azərbaycanım!" adlı bayram tədbiri təşkil edilib.
Mərkəzin foyesində nümayiş olunan Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin Zəfər Gününə aid çəkdikləri rəsm əsərləri və MKS-nin kitab sərgisi tədbirə gələnlərin diqqətini cəlb edib.
Ağsaqqalların, qazilərin, müharibə iştirakçılarının, mədəniyyət və təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbir Zəfər gününə həsr edilmiş videoçarxın nümayişi ilə başlayıb.
Tədbirdə iştirak edən Qazax rayon İcra Hakimiyyətinin başçısı R. Babaşov bu gün münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. O, qeyd edib ki, Vətən müharibəsində qazanılan bu möhtəşəm Qələbə tariximizə qızıl hərflərlə həkk olunub. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti sayəsində əzəli və əbədi olan ata-baba torpaqlarımız öz sahiblərinə qaytarılıb.
Şəhidlərimiz Qələbə tarixini öz qanları ilə yazıblar. Vətən yolunda canlarını fəda edən Şəhidlərimizin, sağlamlığını itirən Qazilərimizin yazdığı şanlı tarix heç vaxt yaddaşlardan silinməyəcək.
Tədbirdə çıxış edən 44 günlük Vətən müharibəsi Şəhidi Amid Məmmədovun atası Müqabil Məmmədov onlara göstərilən bu diqqət və qayğıya görə dövlət başçısına, rayon rəhbərliyinə və mədəniyyət işçilərinə öz təşəkkürünü bildirib.
Mədəniyyət Mərkəzinin "Göyəzən" instrumental ansamblının, Qazax şəhər 1 və 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin ifasında təqdim olunan maraqlı çıxışlar tədbirə xüsusi rəng qatıb.