25.12.2023
25 dekabr tarixində Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına həsr olunmuş “Həmrəy olaq – bir olaq!” başlıqlı tədbir keçirilib. Tədbirdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Tovuz rayonu üzrə nümayəndə Adil Həsənov, məsləhətçi Bəhruz Bayramov, məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak edib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə öncə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi anılıb.
Rəsmi hissədə çıxış edən idarənin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov, məsləhətçi Bəhruz Bayramov, məktəbin direktoru Xəyal Nağıyev Həmrəylik gününün təsis olunma tarixi barədə məlumat verib, tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik ediblər. Qeyd olunub ki, 31 Dekabr tarixi Azərbaycan xalqının ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur. 1991-ci il dekabrın 16-da Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hazırda Ulu Öndərin bu estafetini də uğurla davam etdirir. Hazırda ölkə başçısının gördüyü işlər, həyata keçirilən siyasət Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.
Tədbirin davamında məktəbin müəllim və şagird kollektivi rəngarəng konsert proqramı ilə çıxış edib.