Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada ”Narkomaniyaya yox deyirik!” mövzusunda maarifləndirici tədbir keçirildi

20.12.2023

Dekabrın 20-də Ağstafa şəhər 3 nömrəli tam orta məktəbdə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin, Ağstafa rayon Polis Şöbəsinin, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Ağstafa rayon Sektorunun təşkilatçılığı ilə “Narkomaniyaya yox deyirik" mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Tədbirdə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa rayon Polis Şöbəsinin rəis müavini Qurban Qurbanov, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Ağstafa rayon Sektorunun baş məsləhətçisi Turan Hüseynov, Ağstafa rayon Xəstəxanasının həkimi Rasim Kərimov çıxış edərək məktəblilərə narkomaniyanın törətdiyi ciddi fəsadlar haqqında məlumat veriblər, onun bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biri olduğunu, narkomaniyanın və narkobiznesin təkcə insanların sağlamlığına deyil, həm də mənəviyyatına ciddi zərbə vurduğunu bildiriblər. Tədbirdə ölkəmizin bütün qüvvə və imkanlarını səfərbər edərək bu bəlanın kökünün kəsilməsi istiqamətində aparılan beynəlxalq mübarizəyə qoşulmasından, gənclərin sağlamlığının daim diqqətdə saxlanmasından geniş bəhs olunub. Həmçinin qeyd olunub ki, artıq narkotik asılılıq dünyada müxtəlif əhali qrupları arasında geniş yayıldığına görə sırf tibbi problemdən sosial problemə çevrilib. Problemin həllinə xidmət edən mühüm addımlardan biri hər zaman qeyd edildiyi kimi, qabaqlayıcı tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Tədbir müzakirə formatında davam edib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.