Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır

18.09.2023

Sentyabrın 18-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır" mövzusunda toplantı keçirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Qazax RİH başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, Bələdiyyə sədrləri, ziyalılar, şəhid ailələri, müharibə əlilləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla anıblar. Mərkəzdə davam edən tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən sərgiyə baxış olub. Sonra “Əsrin müqaviləsi”nin imzalanmasını, onun gerçəkləşməsini, müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsini özündə əks etdirən “Əsrə bərabər gün - Əsrin müqaviləsi” filmi nümayiş etdirilib.

Tədbirin aparıcısı, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, ürək sözlərini bölüşüb. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək ölkə Prezidenti tərəfindən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasını dahi şəxsiyyətin yubileyinə ən böyük töhfə olduğunu söyləyib. Rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə, o cümlədən Qazax rayonunda silsilə tədbirlərlə qeyd olunduğunu, "Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır" mövzusunda keçirilən tədbirin həmin silsilə tədbirlərin davamı olduğunu bildirib.