05.10.2023
Oktyabrın 5-də “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan qadınlarının VI Qurultayı ərəfəsində Qazax rayonunun fəal qadınları ilə görüş keçirildi. Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülaya Həsənova, icra aparatının məsul əməkdaşları. Şəhid anaları idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, İƏD üzrə nümayəndələr, bələdiyyələr, mədəniyyət işçiləri, səhiyyə işçiləri iştirak ediblər. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu öndərin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanda qadın siyasətinə həsr edilmiş videçarxın nümayişindən sonra tədbirin aparıcısı Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, eyni zamanda 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbirdə iştirak edən təhsil işçilərini və müəllimləri peşə bayramlarını təbrik edib və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Ceyhunə Hüseynova qeyd edib ki, Azərbaycan tarixinin yarıməsrlik dövrü Ümummilli Lider Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti ilə sıx bağlıdır. Ulu Öndər Heydər Əliyev adını Azərbaycan xalqının tarixinə əbədi olaraq yazdırıb. Onun millət, Vətən, dövlət üçün göstərdiyi xidmət, şücaət, qəhrəmanlıq unudulmazdır. Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Ümummilli lider Heydər Əliyev Azərbaycan qadınlarının vəziyyətinin yaxşılaşdırılması sahəsində yetkin dövlət siyasətinin həyata keçirilməsini fəaliyyətinin əsas aparıcı istiqamətlərdən biri hesab etmişdir. Müasir dövrdə qadınların cəməyyətdə fəal təmsilçiliyi, gender bərabərliyi kimi məsələlər bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir. Azərbaycan dövlətinin də bu istiqamətdə atdığı addımlar və əldə etdiyi nailiyyətlər danılmazdır. Azərbaycanda qadın siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Qadınların hüquqlarının müdafiəsi, qadın məsələlərinin həlli istiqamətində bütün imkanların genişləndirilməsi bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən günün reallıqlarına uyğun şəkildə davam etdirlir. İlham Əliyev ölkənin ictimai-siyasi həyatında fərqlənən qadınların fəaliyyətini yüksək mükafat və fəxri adlarla qiymətləndirir.
Qazax Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülaya Həsənova çıxış edərək tədbir iştirakçılarını salamlayıb və 5 oktyabr Müəllimlər Günü münasibətilə tədbir iştirakçılarına Qazax Rayon İcra Hakimiyyəti Başçısı Rəcəb Babaşovun təbriklərini və salamlarını çatdırıb. Gülaya Həsənova geniş məruzə ilə çıxış edərək qeyd edib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan qadınının cəmiyyət həyatının hər sahəsində rolu daha da güclənib və fəaliyyətləri genişlənib. Azərbaycan qadını öz ağılı, biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutur. Ümummilli liderin xalqın istək və iradəsinə uyğun olaraq müstəqil Azərbaycana rəhbərlik etməsindən sonra digər sahələrlə yanaşı, qadın problemlərinin həlli istiqamətində də keyfiyyət etibarı ilə tamam yeni bir mərhələ başlandı. 1998-ci il Azərbaycanın müasir qadın hərəkatı tarixinə qızıl hərflərlə yazılmalıdır. Müstəqil Azərbaycanın ilk qadınlar Qurultayı bir çox cəhətləri ilə həmişəlik yaddaşlara həkk olunub. Məhz bu qurultay Müstəqil Azərbaycan qadınlarının ictimai-siyasi həyatında dönüş mərhələsinin başlanğıcı olub. Ulu öndər Heydər Əliyev öz çıxışında deyib: “Hesab edirəm ki, bu Qurultay XX əsrdə Azərbaycanın tarixində ən böyük tarixi hadisələrindən biridir. Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyublar. Siz bunun əsasını qoymusunuz, böyük iş görmüsünüz. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm”. Bundan sonra ardıcıl olaraq 2003, 2008, 2013 və 2018-ci illərdə Azərbaycan Qadınlarının Qurultayı baş tutub. Bugün Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət uğurla həyata keçirilir. Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində həyata keçirilən davamlı tədbirləri yüksək dəyərləndirilməlidir. Görülən bu işlər dövlətimizin siyasi iradəsinin təzahürüdür. Həyata keçirilən səmərəli gender siyasətinin Azərbaycanda qadınların ictimai-siyasi fəallığının daha da artmasına, onlara həyatın bütün sahələrində tam bərabər imkanlar açmasına möhkəm zəmin yaradır.
Sonra Mərkəzin direktoru Ceyhunə Hüseynova, təqaüdçü müəllim Bəsti Ələkbərova, AMEA Folklor İnstitutu, Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, Əməkdar müəllim, BDU Qazax filialında Təqdimat və İctimai Elmlər Kafedrasının müəllimi İndira Vəliyeva, Qazax Dövlət Sosial İqtisadi Kollecinin Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri Elvira Əfəndiyeva, Azərbaycan qadınının keçdiyi şərəfli yoldan danışıb və bildiriblər ki, Müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Ölkədə bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Bu, daimi və dönməz səciyyə daşımaqla, bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.