Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada Xalq Şairi Hüseyn Arifin anım günü keçirildi

13.09.2023

Ağstafa rayon Mədəniyyət Mərkəzində keçirilən “Hüseyn Arif xatırla məni” adlı tədbirdə Qazax- Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, rayon İcra hakimiyyətinin məsul işçiləri, yazıçılar və şairlər, ziyalılar və ağsaqqallar, incəsənət və mədəniyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində təqdim olunan Hüseyn Arifin şəxsi əşyalarından ibarət sərgi ilə tanış olublar.

 

 Çıxışlarda XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, Xalq şairi Hüseyn Arifin həyat və fəaliyyətindən ətraflı söhbət açılıb. Qeyd olundu ki, Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər yaradıb. Şairin təbii və canlı dili ilə seçilən əsərlərində həyatın öz nəfəsi duyulur. 

 Sonra Azərbaycan rəssamlar ittifaqının üzvü, Turan elmlər akademiyasının fəxri akademiki, rəssam Fərman Hüseynov işlədiyi xalq şairinin protretini Hüseyn Arif Ev Muzeyinə hədiyyə edib. Anım tədbiri Xalq Şairi Hüseyn Arifin sözlərinə bəstələnmiş mahnıların ifası ilə davam etdirilib.