14.10.2023
Şəmkir rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan tərcüməçi, publisist, xalq şairi Məmməd Arazın anadan olmasının 90 illiyi münasibətilə 14 oktyabr 2023-cü il tarixində “Haqqın var, Məmməd Araz, haqqın var yaşamağa!” başlığı altında tədbir keçirib. Kitabxananın əməkdaşı Natiqə Abdullayeva çıxış edərək bildirib ki, Məmməd Araz Azərbaycan ədəbiyyatında zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri olan şairdir. O, vətəndaş qeyrətli ədəbiyyat nəhəngi olmaqla bərabər, həm də istiqlal şairidir. İnsanları daim vətən, yurd, bəşəriyyət, kamillik uğrunda mübarizəyə səsləyib."Vətən mənə oğul desə, nə dərdim!" deyən şair Vətənin oğulu olmağı bacardı. O, Azərbaycan poeziyasının zirvəsini fəth etdi.Onun poeziyasında təkcə Vətən, təbiət, millət anlayışı yox, oxucu ürəyinin ən naif qatına enib onları bədbinlikdən qoruyan müqəddəs bir nəsihət, hərarət artıran ümman vardı. O bir nağıl idi, bir dərəyə söykənən həyətin divarında, O bir ümman idi, bir çaya qonşu kəsilən gözlərinin çırağında, O nəhəng zülmət qalağı tək qaranlıqda seçilən zirvə idi. Məmməd Araz öz yaradıcılığını onu sevən, onu hiss edən oxucusuna ən həlim dildə çatdıraraq yeni tapıntılar, yeni yanaşmalara vəsilə olurdu. Bu yol Məmməd Araz yolu idi. Bu yolda nə təkrarçılıq, nə də cümləpərdazlıq vardı. Onun şeirləri salvartının dağlarından, şişli qayının mamırından yoğrulmuş mamır qədər yaşayacaqdı. O, şeirin, şeir onun özü idi. Yol gedəndə deyərdin ki, Günəşəcən gedəcəkdi. Öz qəlbinin tufanında təkbaşına avar çəkdi. Bu yurda, bu elə, bu torpağa şirin nəğmə, həzin səz olub səpələndi. Məmməd Araz poeziyası ilə ürəksiz başlardan, başsız ürəklərdən uzaq olub, ən gözəl əsərləri yaratdı, bizimlə yaşatdı. Ədəbiyyatımıza mövzusu tükənməyən hər zaman bir mövzu olan Məmməd Araz dağları, daşları, çəmənləri yığıb ədəbiyyatımızda Araz təbiəti yaratdı. Artıq biz o təbiətin axarından çıxa bilmirik, bu dünya, təbiət var olduqca şair təbiətin hər parçasında bizimlə yaşayıb, nəfəs alaraq, ruhumuzu dindirəcək.
Daha sonra mövzu ilə bağlı təşkil olunmuş kitab sərgisinə baxış keçirilib.