14.06.2023
İyunun 14-də Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin şagirdlərinin iştirakı ilə 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar "Azərbaycanın taleyini dəyişən zəfər tarixi" mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, yaxın tarixi keçmişin bütün çətinlik və məhrumiyyətlərini öz gözləri ilə görmüş Azərbaycan xalqı 1993-cü il iyunun 15-dən sonra ölkəsi və özü üçün tamamilə yeni bir tarixin yazıldığını və yaşandığını görür və bu onun öz liderinə olan inamını, sevgisini qat-qat artırır. Bu da təsadüfi deyildir ki, Heydər Əlirza oğlu Əliyevin siyasi hakimiyyətə qayıdışının hər ildönümü tarixində ölkəmizin bütün bölgələrindən Azərbaycan Respublikasının Milli Məclisinə, Prezident Aparatına, başqa dövlət orqanlarına, kütləvi informasiya vasitələrinə göndərilən məktublarda, müraciətlərdə 1993-cü il 15 iyun gününün Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsi ilə bağlı çoxsaylı təkliflər verilir. Xalqın bu istəyi milli qurtuluşu üçün öz Prezidentinə minnətdarlığının ifadəsidir.