25.05.2023
Mayın 25-də Qazax rayon Heydər Əliyev Mərkəzinin və Qazax rayon A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü ilə əlaqədar “Azərbaycan Xalq Cümhuriyyətinə ilk tarixi-siyasi qiymət Heydər Əliyev tərəfindən verilib” adlı tədbir keçirilib.
Tədbir Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəni əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Giriş sözü ilə tədbiri açan Mərkəzin direktoru Ceyhunə Hüseynova Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi haqqında məlumat verib və bildirib ki, müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Sonra məktəbin təşkilatçısı Söylü Pirməmmədova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifələrindən biri olduğunu vurğulayıb və qeyd edib ki, milli müstəqilliyimizin yenidən bərpası dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Sonda məktəbin şagirdləri Vətənə, müstəqilliyə aid şeirlər səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.