Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda 2022-ci ilin yekununa dair seminar-müşavirə keçirildi

20.12.2022

20 dekabr 2022-ci il tarixində Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Tovuz rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində 2022-ci ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, idarənin aparat işçiləri, Tovuz rayon mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib. 

Tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev 2022-ci il ərzində görülən işlərdən və 2023-cü ildə həyata keçiriləcək tədbirlərdən danışıb. İclasda geniş hesabat məruzəsi ilə çıxış edən idarə rəisi müəssisələrin cari iş ili ərzindəki fəaliyyətlərinin müxtəlif aspektlərinə nəzər yetirərək əldə olunmuş uğurlar, nöqsan və çatışmazlıqlara toxunub, növbəti illə bağlı əsas istiqamətləri müəyyən edib.

Nurəddin Mehdiyev optimallaşdırma tədbirlərinin 2023-cü ildə də uğurla davam etdirililəcəyini bildirib. İdarə rəisi müəssisələrdə aparılan sənədləşmə işlərinin müvafiq normativlərə uyğun tərtib olunması məsələsinə də münasibətini ifadə edib, bu sahədə müəyyən irəliləyişlərə nail olunduğunu qeyd edib. O, eyni zamanda müəssisədaxili intizam qaydalarına riayət olunduğunu deyib, bu amilin icra və əmək intizamının yüksəldilməsi məqsədilə yerlərdə müntəzəm aparılmış monitorinqlərin və ciddi tapşırıqların birbaşa nəticəsi olduğunu vurğulayıb.

Nurəddin Mehdiyev Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə münasibətdə həyata keçirilmiş işlərdən də söz açıb, sözügedən statustan olan bir çox vətəndaşın region üzrə mədəniyyət müəssisələrində işə qəbul edildiyini bildirib. Paralel olaraq, bayram və əlamətdar günlərdə şəhid ailələri və qazilərə göstərilmiş sosial dəstək tədbirlərindən danışılıb.

 Sonda idarə rəisi Nurəddin Mehdiyev tərəfindən 31 Dekabr - Dünya azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə fəaliyyətində fərqlənən bir sıra mədəniyyət işçilərinə fəxri fərmanlar təqdim olunub.