Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon MKS-nin əməkdaşları şəhid ailələrini ziyarət etdi

07.10.2022

7 oktyabr 2022-ci il tarixində Tovuz rayon MKS-nin əməkdaşları Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş əsgər Röyal Elzar oğlu Aslanov, əsgər Vahid Elşad oğlu Qurbanov və əsgər Ayaz Azər oğlu Nəzərovun ailəsini ziyarət ediblər.

Qeyd edək ki, şəhid əsgər Röyal Elzar oğlu Aslanov 2001-ci il mayın 17-də Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. 2008-2013-cü illərdə N.Tusi adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. 2013-cü ildə ailəsi ilə birlikdə ölkə xaricinə köçüb. Orta təhsilini Rusiya Federasiyasının Tümen vilayətinin Nadım şəhəri, Panqodı qəsəbəsindəki 1 saylı məktəbdə davam etdirib. Azərbaycan Ordusunun əsgəri olan Röyal Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Röyal Aslanov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunda torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Röyal Aslanov ölümündən sonra "Vətən uğrunda","Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid əsgər Vahid Elşad oğlu Qurbanov 2001-ci il yanvarın 27-də Tovuz rayonunun Əyyublu kəndində anadan olub. 2007-2016-cı illərdə E.Bayramov adına Əyyublu kənd tam orta məktəbində, 2016-2018-ci illərdə K.D.Uşinski adına 29 saylı Gəncə şəhər tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vahid Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Şəhid əsgər Vahid Qurbanov oktyabrın 30-da Xocavənd döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Əyyublu kəndində torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vahid Qurbanov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid əsgər Ayaz Azər oğlu Nəzərov 16 iyul 1998-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. O, Tovuz Dövlət Sosial-iqtisadi kollecinin məzunu olub. Ayaz Nəzərov 2 il 6 ay idi ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışırdı.

Ermənistan silahı qüvvələrinin yanvarın 11-də Azərbaycan-Ermənistan Dövlət Sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olmuşdur. Onun nəşi yanvarın 12-də doğulub boya-başa çatdığı Tovuz rayonunun Bozalqanlı kənd qəbiristanlığında dəfn olunub.