01.03.2021
Qarabağ Azərbaycanın tarixi etnoqrafik ərazisidir. 1988-ci ildə qarşı tərəfin, yəni işğalçı Ermənistanın təhriki ilə ölkəmizə qarşı torpaq iddiası başladıldı və təxminən 30 ilə yaxın bir dövr ərzində davam etdirildi.
1993-cü ildən artıq Qarabağ münaqişəsində yeni mərhələ başlandı. Ulu Öndər Heydər Əliyevlə başladılan nizami ordu yaradılması, sabit hakimiyyət, güclü iqtisadiyyat, uğurlu islahatlar, səmərəli neft müqavilələri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ən yüksək zirvəyə çatdırıldı. Dəfələrlə beynəlxalq tribunalardan işğalçı ermənilərə işğala son qoymaları tələb edilsə də erməni rəhbərlərinin provakasiya xarakterli çıxışları ilə dövlətimiz “Qarabağ Azərbaycandır” nidasını növbəti dəfə erməni şovinistlərinə və dünyaya bəyan etməklə bu işğalla barışmayacağını elan etdi. “Azərbaycanda ikinci erməni dövləti yaranmayacaq” deyən liderimizin ətrafında sıx birləşərək dəmir yumruğa çevrildik və düşmənə elə zərbə endirdik ki, cəmi 44 günə düşməni diz çökdürdük və son 200 illik tariximizdə yenidən qələbə hissini yaşadıq. Düşmən təxribata əl ataraq dinc əhalini, münaqişə zonası olmayan ərazilərimizi raket atəşinə tutdu. Gəncə, Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli hətta Xızıya belə raket atmaqla ordumuzun qarşısında aciz olduqlarını nümayiş etdirdilər. Lakin bizim bir məqsədimiz, bir amalımız var idi. Öz torpaqlarımızı azad etmək, dinc əhali ilə deyil, silahlı terrorçularla döyüşmək, bizə mənsub olan tariximizin, əzilmiş, incidilmiş, şərəfimizin, qürurumuzun qisasını almaq.
Azərbaycan artıq illərdir ki, təkcə torpaqlarını işğalda saxlayan bir ölkə ilə deyil, həm də bu ölkəyə havadarlıq edən xarici dövlətlərlə mübarizə aparır. Ermənistanda hakimiyyətə yiyələnmək üçün illərdir insan kütlələrinin etirazı ilə nəticələnən iğtişaşlar baş verir. Hər dəfə də insanlar bir- birini qırır, kütləvi həbslər baş verir, dünyaya özünü “demokratik ölkə” kimi sırıdığı halda, demokratiyadan əsər- əlamət belə olmayan, insan azadlıq və haqqlarının ayaq altına alındığı hadisələrlə dünyaya özlərini sübut edirlər. Hər dəfə də etirazçılara qarşı polis zorakılığı, insanların döyülməsi, hadisələri işıqlandırmağa çalışan jurnalistlərin təzyiqlərə məruz qalması, onlara güc tətbiq edilməsi və s. kimi saysız- hesabsız hallar baş verir. Bütün bunları isə dünya gördüyü və eşitdiyi halda susur. Azərbaycana qarşı demokratiya çağırışları, bəyanatlar səsləndirməkdə həvəsli olduqları halda, Ermənistandakı bu yalançı demokratiyanı alqışlayırlar. Azərbaycana qarşı dəfələrlə ittiham irəli sürdükləri halda Ermənistanın “küçə siyasətçiləri”nə təriflər yağdırır, onların qondarma dövlətlərinə ianələr, yardımlar edirlər. Çox şükürlər bu gün xalqımız güclü liderə sahibdir. Məhz güclü liderin təmkini, savadı, siyasi uzaqgörənliyi sayəsində biz nəinki erməni kimi düşmənə, həm də düşmənin “dostları”na qalib gəldik.
Hər kəsə bəllidir ki, 30 ilə yaxın bir müddətdə Azərbaycanın tarixi torpaqlarını qanunsuz olaraq işğalda saxlayan terrorçu Ermənistan dövləti bu gün iqtisadiyyatı çökmüş, xalqı səfalətdə yaşayan , siyasi hakimiyyəti səriştəsiz “küçə siyasətçiləri”nin ümidinə qalan və 44 günlük müharibədə Azərbaycan Respublikası Ali Baş Komandanın rəhbərliyi ilə silahlı qüvvələrimiz tərəfindən diz çökdürülmüş və kapituliyasiya etdirilmiş məğlub bir vəziyyətdədir. Adətən özünün olan nəyəsə sahib olmayan, hər zaman qonşu dövlətlərdən ərazi qoparmaqla ölkə yaradan, xaricdən gələn ianələr hesabına yaşayan, millətini aclıq və yoxsulluq içərisində saxlayan bir quruluşun başqa dövlətin ərazisini necə işğalda saxlaması şübhə doğuran məsələdir. Xislətində qorxaqlıq, yaltaqlıq, acizlik olan bir millət açıq aşkar bəllidir ki, hər zaman kimlərinsə kölgəsinə sığınıb, kimlərinsə əl-ayağına düşüb. Hərbi və dövlət büdcəsi sıfır olan bir dövlət, öz xalqının rifah halını yaxşılaşdırmağı bacarmırsa, hərbi əməliyyatlar üçün silahlar alması gülüncdür. Bütün bu illər ərzində Ermənistan mütəmadi olaraq silahlarla təmin edilmiş, Azərbaycan torpaqlarını işğalda saxlamaq üçün hər cür hərbi sursatla təchiz edilmişdir. Biz bu silahları möhtəşəm qələbəmizdən sonra qürurverici qələbə paradında nümayiş etdirilərkən müzəffər ordumuz tərəfindən məhv edilən vəziyyətlərini gördük. Ölkəmizin başçısı dəfələrlə müsahibələrində bu silahları ermənilərin hardan əldə etdiklərini haqda açıqlama tələb edib, təbii ki, suallar cavabsız qalıb. Çünki qaçaqmalçılıq yolu ilə, gizli üsullarla, hətta bəzən açıq-aşkar şəkildə qonşu dövlətlərin ərazilərindən bu silahlar Ermənistana keçirilib. Bunun isə bir məqsədi var: terrorçu dövləti silahlandırmaq və ona dəstək olmaq. Lakin müzəffər ordumuz bu silahları məhv etdi və ermənilərə, onların havadarlarına sübut etdi ki, biz “dəmir yumruq” olub Ali Baş Komandanın rəhbərliyi ilə həm ermənilərə, həm də onların havadarlarına qalib gəlmək gücündəyik. Və bunu 44 günlük Vətən müharibəsində düşmənlərə sübut etdik.
Eşq olsun Azərbaycan ordusuna! Yaşasın Ali Baş Komandan! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Ceyhunə Hüseynova
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru