02.09.2020
02 sentyabr 2020-ci il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzinin və Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 21 Sentyabr Beynəlxalq Sülh günü münasibətilə “HEYDƏR ƏLİYEVİN SÜLH SİYASƏTİ” mövzusunda videokonfrans keçirildi.
Tədbirdə Ağdaş və Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət müəssisələrinin əməkdaşları iştirak etdilər.
Tovuz Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova tədbiri açaraq çıxışında bildirdi ki, sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir məfhumdur. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci il 21 sentyabr tarixinin Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Bu əlamətdar günün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır. Bəşəri rəmzə çevrilmiş bir anlayış kimi sülhə yüzlərlə tərif vermək, onu yüzlərlə sözlə ifadə etmək olar.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova da konfrans iştirakçılarını salamlayaraq ”Heydər Əliyevin sülh siyasəti” mövzusunda çıxış edərək Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətinin hər zaman sülhsevər siyasət yürüdəcəyini bəyan etdiyini xüsusi olaraq tədbir iştirakçılarının diqqətinə çatdırdı: “Azad və demokratik cəmiyyət quruculuğu yolunda qətiyyətli addımlarını atan və geosiyasi cəhətdən olduqca həssas bölgədə yerləşən müstəqil Azərbaycan Respublikası üçün sülhün, sabitliyin hökm sürdüyü təhlükəsiz mühit həyati əhəmiyyət kəsb edən bir məsələdir. Bu Beynəlxalq Sülh günündə arzu edirik ki,”Sülh göyərçini” Azərbaycanı sülh yolu ilə öz Qarabağına və digər torpaqlarına qovuşdursun!
Videokonfransda həmçinin Ağdaş Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şahnaz Mustafayeva çıxış edərək Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir deyə qeyd etdi.
Konfransda digər çıxış edənlər insanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etməyin zəruri olduğunu xüsusi olaraq qeyd etdilər. Ümumiyyətlə, sülh və sabitlik inkişafın təməlidir. Bu proses hər ölkədə və regionda, onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir deyə qeyd etdilər.