05.08.2020
05 avqust 2020-ci il tarixdə Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 14 fevral 2020-ci il tarixli Sərəncamına əsasən Ağstafa, Qazax, Tovuz rayon Heydər Əliyev Mərkəzlərinin və Ağstafa rayon MKS-nin birgə iştirakı ilə "Nəriman Nərimanov yaradıcılığı" mövzusunda videokonfrans keçirilib.
Videokonfransda Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanov və Ağstafa rayon MKS-nin direktoru Solmaz Nağıyeva çıxış edərək bildiriblər ki, Nəriman Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamışdır. Onun zamanın vacib məsələlərinə toxunan və əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərlərində dərin insanpərvərlik ruhu hakimdir. Nəriman Nərimanov dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr vermişdir. Milli bədii nəsr tarixində də özünəməxsus layiqli yer tutan vətənpərvər ədib, həmçinin ciddi və aktual publisistika nümunələrinin müəllifi olaraq tanınmışdır.
Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.
Daha sonra mövzu ətrafında maraqlı fikir mübadiləsi aparılıb.