22.02.2018
22 fevral 2018-ci il tarixdə saat 14:00-da Məzəm kənd kitabxana filialı 26 fevral Xocalı Soyqırımına həsr olunmuş “Xalqımızın hüzn və şərəf günü” adlı anım tədbiri keçirib. Tədbirdə kənd məktəbin müəllimləri və fəal oxuculardan bir qrup olmaqla 19 nəfər iştirak edib. Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri kitabxana filialın müdiri Turac Abbasova açaraq iştirakçıların nəzərinə çatdırıb ki, Azərbaycan xalqı və onun dövləti Xocalı qətliamını heç vaxt unutmur və unutmayacaqdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il martın 1-də bu haqda xüsusi Fərman vermişdir. Milli Məclisin qərarı ilə fevralın 26-sı “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat çatdırılmışdır. Bildirilmişdir ki, həmin gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının şəxsi heyəti və hərbi texnikasının bilavasitə iştirakı ilə erməni quldur birləşmələri tərəfindən Xocalıda görünməmiş qırğın törədilmişdir. Şəhərin işğalı zamanı, müharibə qanunlarına zidd olaraq, 613 dinc sakin xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, yüzlərlə insan əsir və girov götürülmüş, itkin düşmüşdür. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş bu Xocalı Soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bəşəriyətə qarşı tarixi bir cinayətdir. Məktəbin direktoru Cəbrayıl Osmanov çıxışında qeyd edib ki, Illər keçsə də, xalqımız Xocalı qətliamını yaddan çıxarmayacaqdır. Çünki bu faciə heç vaxt unudulmayan qan yaddaşımızdır. Sonda “Xalqımızın hüzn və şərəf günü” adlı sərgiyə baxış olub.