18.01.2020
17 yanvar 2020-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax Tarix Diyarşünaslıq Muzeyində 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri ilə birgə 20 Yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar "Qanla Yazılan Tarix" adlı tədbir keçirildi. Tədbir açıq elan olunduqdan sonra 20 Yanvar Şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra muzeyin direktoru Gülnaz Alişanova çıxış edərək bildirdi ki, istiqlal tariximizin şərəfli səhifəsi olan 20 Yanvar günü vətənimizin azadlığı uğrunda hayqırtısı idi. Bu hayqırtını, bu səsi boğmağa çalışsalar da şəhidlərimiz buna imkan vermədilər.Azərbaycan şəhidi mərdlik, cəsarət mücəssəməsi olmasını sübut etdi. Onlar sübut etdilər ki, azadlığı heç bir xalqa qızıl nimçədə hədiyyə vermirlər.Onu qazanmaq üçün vuruşmaq, mübarizə aparmaq lazımdır. Biz bir xalq kimi öyünə bilərik ki, belə şəhidlərimiz var. Bu torpaqdan ötrü kifayət qədər canından keçən oğul və qızlarımız var. İllər keçdikcə dəyişən nəsil üçün nümunəvi vətənpərvərlik məktəbimiz var.