Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Aşıq Ədalət Nəsibovun döğum günü qeyd olunub

27.01.2018

Prezident təqaüdçüsü, Əməkdar İncəsənət Xadimi aşıq Ədalət Nəsibovun anadan olmasının  79-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.  Tədbir iştirakçıları əvvəlcə görkəmli aşığın dəfn olunduğu Ağköynək kənd qəbristanlığına gəliblər. Ustadın ruhuna dua oxunduqdan sonra məzarı üstünə gül dəstələri qoyulub. Sonra Gənclər Mərkəzində yığıncaq keçirilib. Qazax rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul işçiləri, rayon Mədəniyyət işçiləri,  müsiqi məktəblərinin kollektivləri,  müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, tələbələr, görkəmli aşığın ailə üzvləri və KİV nümayəndələri tədbirdə iştirak edib. Qazax rayon İcra Hakimiyyətinin başçısının müavini Gulaya Həsənova tədbiri açdı. Tədbirin aparıcısı Məhəmmədəli Məşədiyev Aşıq Ədalətin yaradıcılığından söz açaraq  onun ustalığı, sənətkarlığı barədə danışıb, sazı zirvələrə qaldırdığını qeyd edib. Bildirib ki, Aşıq Ədalət gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır.
Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur. Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur". O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və onlarla başqa saz havalarının bənzərsiz ifaçısıdır. Onun haqqında kitablar yazılıb, yüzlərlə şeirlər qələmə alınıb, filmlər çəkilib. Qazax Aşıqlar Birliyinin sədri Camoy Qurbanov, Hüseyn Şəmistanoğlu, Mehman Həsənli, Saqif Məzəmli, Mahal Aslanbəyli, Nurlan İsmayılov, Samir Cəlaloğlu çıxış edərək Aşıq Ədalətin reperuarına daxil olan saz havalarını və ona həsr olunmuş şeirləri ifa ediblər. Aşıq Ədalətin nəvəsi Fərid Nəsibov çıxış edərək babasının  yaradıcılığına böyük dəyər verdiyinə, onun döğum gününün belə yüksək səviyyədə keçirilməsinə görə ailəsi adınan böyük minnətdarlığını  bildirdi.