Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qazax rayon Heydər Əliyev Mərkəzində ”Korrupsiya- cəmiyyətin sosial bəlası” başlıqlı tədbir keçirilib

28.11.2025

Noyabrın 28- də Qazax rayon Heydər Əliyev Mərkəzində Qazax Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qazax rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində ”Korrupsiya- cəmiyyətin sosial bəlası” başlıqlı tədbir keçirildi. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Hüquq şöbəsinin müdiri Ülviyyə Orucova, Qazax Rayon Prokurorunun köməkçisi Aidə Nəzərli  və Qazax rayon mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları iştirak ediblər. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Korrupsiyaya həsr olunmuş film nümayiş etdirilib. Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq korrupsiyanın mahiyyəti və onun cəmiyyətə mənfi təsirləri haqqında ətraflı məlumat verib və bildirib ki, korrupsiya bütün cəməyyətlərin üzləşdiyi və onu narahat edən problemlərdən biri olaraq qalmaqdadır. Korrupsiya hər bir sahədə inkişafa mane olan əsas faktordur. Məhz buna görə də cəmiyyətin mütərəqqi inkişafına mane olur, inkişafa mənfi təsir göstərir, iqtisadi və sosial tərəqqiyə ciddi təhlükə yaradıaraq, insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarır. Korrupsiyanın mövcud olması milli və ümumbəşəri dəyərlərə xələl gətirir, demokratik və hüquqi dövlət strukturuna zərbə vurur. Korrupsiya halları dürüstlük, ədalət dəyərlərinə ziddir və sosial inamı azaldır.
Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Hüquq şöbəsinin müdiri Ülviyyə Orucova, Qazax Rayon Prokurorunun köməkçisi Aidə Nəzərli, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova korrupsiya nədir, onun növləri, cəmiyyətə, dövlətin siyasətinə vurduğu zərərlər, bu istiqamətdə həyata keçirilən maarifləndirici və qabaqlayıcı tədbirlər  haqqında geniş danışıb və bildiriblər ki, Azərbaycan Respublikası Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursun dövlət başçısı cənab İlham Əliyev tərəfindən güclü siyasi iradə, əzm və qətiyyətlə müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi nəticəsində ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə edilmiş, sosial- iqtisadi inkişaf göstəricilərimiz əvvəlcədən prioritet olaraq qarşıya qoyulmuş pilləyə yüksəlmişdir. Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin aparılması istiqamətində görülən işlərin, həyata keçirilən islahatların və təşkilati tədbirlərin səmərərliliyi yüksəlmiş, korrupsiyaya qarşı daha ciddi mübarizənin aparılmasında hər bir orqan üzərinə düşən vəzifələrin həcmi və məsuliyyəti daha da artmışdır. Bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qurumlar və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər. Korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq mühafizə orqanları həyata keçirirlər. 
Sonda Qazax rayon Prokurorunun köməkçisi Aidə Nəzərli tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.