Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qazax Tarix-Diyarşünaslıq Muzeyində “Suverenlik: Keçmişin mirası, gələcəyin zəmanəti” adlı dəyirmi masa keçirilib

24.01.2025

24 yanvar 2025-ci il tarixində Qazax Tarix-Diyarşünaslıq Muzeyində “Suverenlik: Keçmişin mirası, gələcəyin zəmanəti” adlı dəyirmi masa keçirilib. Tədbir Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurası və Qazax Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Dəyirmi masanın əsas məqsədi Azərbaycanın suverenlik anlayışına və onun tarixi əhəmiyyətinə diqqət çəkmək, bu mövzunun gənc nəsillər arasında daha dərindən dərk olunmasına nail olmaq idi.
Tədbiri Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova açaraq iştirakçıları salamlayıb və tədbirin əhəmiyyətindən bəhs edib. O, qeyd edib ki, suverenlik anlayışı Azərbaycan xalqının milli mənlik şüurunun əsasını təşkil edir və tarix boyu xalqımızın müstəqillik uğrunda verdiyi qurbanlar, qazandığı uğurlar bunun sübutudur.
Proqram çərçivəsində müxtəlif çıxışlar dinlənilib. Tədbirdə çıxış edənlər:
Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva
Qazax Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi Alıyeva Arzu    Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri Ümid Əhməyev və Gülay İsgəndərova
Tədbirdə iştirakçılar tariximizə nəzər salaraq, suverenliyin qorunması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti barədə müzakirələr aparıblar. Muzeyin əməkdaşları tarixi faktlarla bağlı maraqlı məlumatlar təqdim edib, Şura üzvləri isə mövzu ilə bağlı fikirlərini bölüşüb.
Tədbirin sonunda muzey əməkdaşları tərəfindən hazırlanmış xüsusi sərgiyə baxış keçirilib və  bələdçi tərəfindən muzeyin eksponatları və tarixi materiallar haqqında ətraflı məlumat verilib.
İştirakçılar bu cür tədbirlərin gənclərin maarifləndirilməsi və onların milli mənlik şüurunun formalaşması baxımından mühüm rol oynadığını qeyd edərək təşkilatçılara təşəkkür ediblər.
Bu tədbir, tarixi mirasımıza diqqət çəkməklə yanaşı, gələcək fəaliyyətlər üçün ilham mənbəyi kimi iştirakçılar üçün unudulmaz olub.