
01.07.2026
Qazaxda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Azərbaycan milli memarlığının inkişafı - keçmişdən gələcəyə” başlıqlı tədbir keçirilib
Respublika Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən 2026-cı il Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan olunub.
İyulun 1-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Azərbaycan milli memarlığının inkişafı - keçmişdən gələcəyə” başlıqlı tədbir keçirilib.
Mərkəzdə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə abidə mühafizəçiləri, təhsil, mədəniyyət, səhiyyə işçiləri, könüllülər, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə kitab və Azərbaycanın memarlıq nümunələrini əks etdirən rəsmlərdən ibarət sərgiyə baxış keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. “Heydər Əliyevin müasir Azərbaycan memarlığına töhfələri” filmi nümayiş etdirilib.