Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Gədəbəy rayon Heydər Əliyev Mərkəzində “Unudulmaz Liderin İşıqlı Yolu” adlı anım tədbiri keçirildi.

10.12.2025

10 dekabr 2025-ci il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin, Gədəbəy rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, Gədəbəy rayonu üzrə Gənclər və İdman Sektoru və Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə “Unudulmaz Liderin İşıqlı Yolu” adlı anım tədbiri keçirildi.

Tədbir çərçivəsində iştirakçılar ilk öncə Ulu Öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq onun əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər. Daha sonra Heydər Əliyev Mərkəzinin muzey ekspozisiyası ilə tanışlıq oldu və Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən kitab sərgisinə baxış keçirildi.

Rəsmi hissədə tədbir iştirakçıları tərəfindən 1 dəqiqəlik sükutla Heydər Əliyevin əziz xatirəsi yad edildi. Ardınca çıxış edən Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Beyrək Bağırov, Gənclər və İdman Sektorunun müdiri Röyal İsmayılov və Heydər Əliyev Mərkəzinin elmi işçisi Zamiq Söyünov Ulu Öndərin dövlətçilik siyasəti, milli inkişaf strategiyası və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri haqqında ətraflı məlumat verdilər.

Tədbirin sonunda “Heydər Əliyev – Vətənə, Xalqa Həsr Edilən Ömür” adlı sənədli filmin nümayişi baş tutdu. Film tamaşaçılara Ümummilli Liderin həyat yolunu, dövlətçilik fəlsəfəsini və onun Azərbaycanın inkişafında oynadığı müstəsna rolu bir daha xatırlatdı.

Tədbir iştirakçıları Heydər Əliyev irsinin daim yaşadılmasının və gənc nəslə ötürülməsinin vacibliyini vurğulayaraq tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürlərini bildirdilər.