
09.12.2025
09 Dekabr 2025-ci il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi kitabxanası Akt zalında Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan, Azərbaycanın Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş “Misralarda yaşayan ömür” adlı tədbir keçirib. Tədbirdə bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşları iştirak edib. Şöbə müdiri Bəsdi Məmmədova tədbiri açıq elan edərək, Azərbaycan Respublikasının Prezidentinin Fikrət Qocanın 90 illiyinin qeyd edilməsi haqqında Sərəncamın milli – mənəvi dəyərlərimizə, mədəniyyətimizə dövlət tərəfindən göstərilən diqqətin ifadəsi olduğunu qeyd edib. Kitabxananın əməkdaşı Nərmin Musayeva “Misralarda yaşayan ömür” adlı məruzə ilə çıxışında Fikrət Qocanın poeziyasında vətən, insan, sevgi, zaman və həyat kimi mövzulara böyük önəm verdiyini, oxucunun qəlbinə yol tapan sadə və səmimi üslubu ilə yadda qaldığını, şeirlərində dərin fəlsəfi çalarlar, milli-mənəvi dəyərlərə bağlılıq və bəzən də həyatın ağrı-acılarını poetik dillə ifadə edən hissiyatlı yanaşma olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Kitabxananın əməkdaşları Fikrət Qocanın yaradıcılığından nümunələr söyləyiblər.
Çıxış edən oxucular Şairin şeirlərini söyləyərək, qeyd ediblər ki, öz ilhamını yaşadığı həyatdan alan şairin yaradıcılığının əsasında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri, yeni fikir, yeni ahəng uğrunda apardığı mübarizə dayanır.
Tədbirin sonunda “Misralarda yaşayan ömür” adlı sərgi ilə tanış olunub.