23.07.2025
22 iyul 2025-ci il tarixində Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində Milli Mətbuat gününün 150 illiyi münasibətilə "Azad sözün bayramı" adlı tədbir keçirilib. Tədbirdə 2 sayli şəhər Diyarşünaslıq Klubunun və 2 sayli şəhər Kitabxana filialının əməkdaşları iştirak ediblər.Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Məhruzə Hüseynova qeyd edib ki, Bu gün bizim üçün xüsusi bir gündür –Biz Azərbaycan Milli Mətbuatının yaranmasının ildönümünü qeyd edirik.
1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzetindən başlayan bu şərəfli yol, bu gün öz sözünü deyən, cəmiyyətə güzgü tutan güclü Azərbaycan mətbuatı ilə davam edir. Mətbuat – təkcə xəbərin daşıyıcısı deyil, həm də maarifçi, milli kimliyin qoruyucusu və ictimai rəyin formalaşmasında əvəzsiz bir vasitədir.
Daha sonra çıxış edən əməkdaşlar isə qeyd ediblər ki, əməkdar jurnalistlərimizin, reportyorlarımızın, redaktorlarımızın və ümumiyyətlə bu sahədə çalışan hər kəsin zəhməti alqışa layiqdir. Onlar bəzən çətin şəraitdə, riskli anlarda belə həqiqəti çatdırmaq üçün çalışırlar.
Bu gün bir daha qeyd edək ki, azad, vicdanlı və obyektiv mətbuat hər bir sağlam cəmiyyətin dayağıdır. Sonda bu əlamətdar gün münasibətilə mətbuat işçilərinə təbriklər ünvanlanıb.