Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qazax Rayon Heydər Əliyev Mərkəzində bilik yarışı keçirilib

22.04.2025

Aprelin 22- də Qazax Rayon Heydər Əliyev Mərkəzində  Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin ”Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Qazax Rayon Heydər Əliyev Mərkəzi və  Qazax Dövlət Sosial- İqtisadi Kollecin birgə təşkilatçılığı ilə tələbə gənclər arasında bilik yarışı keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə  başlanıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Mərkəzin direktoru Ceyhunə Hüseynova iştirakçıları salamlayıb və onlara uğurlar arzulayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025- ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi əhəmiyyəti çox böyükdür. Bu sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi məna daşıyır və ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi rola malik olaraq hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsətdir. Qazax Dövlət Sosial- İqtisadi Kollecində Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri Elvira Əfəndiyeva, Münsiflər heyətinin üzvləri Qazax Dövlət Sosial- İqtisadi Kollecinin Tarix və Coğrafiya müəllimi Şükufə Aydınova və həmin Kollecin “Azərbaycan dili və Ədəbiyyat” kafedrasının müdiri Qətibə Tomayeva Azərbaycan Respublikası Konstitusiyasının dövlətçilik ənənələrinin qorunmasında və müstəqil hüquqi sistemin formalaşmasındakı əhəmiyyətindən danışıblar və Zəfər tariximizin və Konstitusiyamızın təbliğ edilməsində mühüm əhəmiyyətə malik olan bilik yarışmasında iştirakçılara uğurlar arzu ediblər. Qeyd ediblər ki,  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi Zəfərə imza atıb, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olub, Dövlət Bayrağımız əzəli torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır, Qarabağ və Şərqi Zəngəzur dirçəldilir, keçmiş məcburi köçkünlərin doğma ata-baba yurdlarında daimi məskunlaşması təmin olunur. Bütün bu qalibiyyət ilə Azərbaycan dünyada yeni reallıqların müəllifi kimi tanınır. Yeni reallıqlar isə Azərbaycanımızı yeni uğurlara hədəfləyir. Bu uğurların gerçəkləşməsində siz gənclərin də müstəsna rolu danılmazdır. 
Sonra tələbə gənclər “Ədalət”, “Zəfər”, “Turan”, “Milli iradə”, “Zirvə”, “Madafiəçilər” adlı 6 komanda, hər komandada 4 iştirakçı olmaqla 5 mərhələdə yarışıblar. Birincilik uğrunda mübarizə aparan iştirakçılara  Azərbaycanın Konstitusiyasının qəbul edilməsinin keçdiyi tarixi yol, müasir Azərbaycanın hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yol, suverenliyimizin, ərazi bütövlüyümüzün,  qorunması, möhtəşəm Zəfərimiz, qəhrəman şəhidlərimiz, dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamları ilə təsis edilmiş Şəhər günləri haqqında müxtəlif mövzularda suallar  verildi. 3 nəfərdən ibarət münsiflər heyəti- Qazax Dövlət Sosial- İqtisadi Kollecində Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri Elvira Əfəndiyeva, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktou Ceyhunə Hüseynova, Qazax Dövlət Sosial- İqtisadi Kollecinin Tarix və Coğrafiya müəllimi Şükufə Aydınova və Qazax Dövlət Sosial- İqtisadi Kollecin “Azərbaycan dili və Ədəbiyyat” kafedrasının müdiri Qətibə Tomayeva bilik  yarışının obyektivliyini  təmin etmək üçün yarışın gedişatını yaxından izləyiblər.  Bilik yarışı maraqlı və gərgin mübarizə şəraitində keçdi. Qazax Dövlət Sosial- İqtisadi Kollecinin “Turan” komandası daha çox suala düzgün cavab verməklə 1- ci yerə layiq görülüb. Yarışda 1- ci yer tutan  komanda mükafatlandırıldı, bütün komandalara və üzvlərinə Fəxri Fərman və hədiyyələr verildi.